Həsəd
Drınq,drınq,drınq......telefonun səsinə ayıldım və yerimdən dik atıldım.Saat 07:30 idi..Rayona ezamiyyətə gedəcəkdim.Baş redaktorumuz cənub rayonlarında şəhidlərlə bağlı reportaj hazırlamağı tapşırmışdı. Tez çay qoydum.Bir stəkan çay içib axşam hazırladığım çantamı götürüb çıxdım.Taksiyə oturub Beynəlxalq avtovağzala sürdürdüm.Taksidən düşən kimi rayona gedən avtobusu görüb sevindim: Allah eləsin ,adamlar tez yığılsın , tez tərpənək.Yaxşı ki, maşın 11 nəfərlik idi,içəridə də 7 nəfər oturmuşdu.Mən oldum 8-ci.Sürücü pulu alıb yerimi göstərdi.İki nəfər qalırdı ki,tamamlansın və yola düşək.
Nəhayət,iki nəfər gəldi.Biri gənc oğlan idi,19-20 yaşlarında olardı.O biri isə çox gözəl,ucaboylu,xoşsima bir gənc qadın idi.”Yəqin ,bacı-qardaşdırlar”,-deyə fikirləşdim.Sürücü qapını açıb içəri baxdı və boş yerləri göstərdi.Gənc oğlan qadına tərəf döndü:
-Keç,ana,sən xanımın yanında əyləş.Qulaqlarıma inanmadım.Bu qədər gənc qadının bu yaşda övladı ola bilməz axı...
Gənc qadın maşına mindi.Gəlib yanımda oturdu ,salam verdi.Mən onun gülümsər üzünə baxıb təbəssümlə salamı aldım.Onun üzü mənə o qədər xoş gəldi ki,sanki illərdən bəri tanıyırdım.Elə bil Allah xoş bir zamanında yaratmışdı.Hər şey :uzun xurmayı saçları,iri ala gözləri,hamar, ağ sifəti,qələm kimi qaşları hər qadının arzuladığı şeylər idi.Əynində açıq-qəhvəyi manto,ayağında dəri çantasına uyğun tünd-qəhvəyi rəng yarımçəkmə var idi.Ətrinin qoxusu çox xoş idi:yasəmən ətrini xatırladırdı.İlk baxışdan çox xoşbəxt olduğu görünürdü.Bir azdan oğlan da mindi,yerini rahatlayıb qadından soruşdu:-Gedib sənə su alım?
-Yox,istəmirəm ,gözümün işığı,-cavab verdi.Maşın tərpəndi.Qadın telefonu çıxardı,oğlana dönüb:-Dədənə deyək ki,tərpənirik,-dedi.Zəng edib danışanda Sehranla çıxdığını söylədi.Oğlunun adının Sehran olduğunu öyrəndim.
Həmişə uzaq yol gedəndə yuxulayardım.İndi yuxum qaçmışdı.Maraq məni götürmüşdü:insan belə gənc necə qala bilərdi?Bu boyda oğulun anasının qırxdan yuxarı yaşı olmalı idi,heç olmasa.
Aralarında çox şirin söhbət gedirdi.Oğlan hansısa bir dostunun imtahanından danışırdı,ana da diqqətlə qulaq asırdı,üzündəki mimika da çox həlim,səmimi idi.İçimdə düşünərkən birdən mənə tərəf dönən gənc qadın dedi:-sizin yeriniz ,deyəsən,narahat oldu.Mən söhbətin başlanmasına çox sevindim:
-Yox,yox,qətiyyən.Yerim rahatdır,-dedim.
-Allah saxlasın,oğlunuzdur,deyəsən?
-Bəli,oğlumdur.
-Çox üzr istəyirəm,tanış olmadıq,mənim adım Mədinədir.
O,bir az dayandı,sonra gülümsəyərək dedi:
-Şadam,mən də Səmayə.
-Əgər inciməsəniz,yaşınızı soruşardım.
O bir az duruxdu.Sanki uzaq bir keçmişə döndü.Gözləri yol çəkdi.Bir az tutuldum.Sualıma görə az qala peşman oldum.Birdən ağlıma gəldi ki, qadın ya oğlanı övladlığa götürüb,ya da ögey oğludur.Ona görə demək istəmir:
-Üzr istəyirəm,Səmayə xanım.Cavab verməsəniz də, incimərəm.Mən jurnalistəm.Ona görə gördüyümlə ,eşitdiyimlə maraqlanmaq xasiyyətimdir.Təəccübümü gizlədə bilmədim,bağışlayın.
-Narahat olmayın,heç sıxıntı yoxdur.Sadəcə sizin sualınız məni o qədər uzağa apardı ki,geri dönə bilmədim.Az qala unutmuşdum yaşımı.Hə,34 yaşım olub,çoxdan ailə qurmuşam,erkən yaşdan.Oğlumun da 20 yaşı var.
Gözlərim təpəmə çıxdı.O da bunun fərqinə vardı.Hətta hiss etdim ki,kövrəldi bir az.
Daha dinmədim.İçimdə özümlə baş-başa qaldım.Valideynlərini qınadım. İnsan azyaşlı balasını necə belə oda atar?
Bir müddət heç kəs danışmadı.Arada sağa baxanda başını oğlunun çiyninə qoyub düşündüyünü gördüm.Sanki bir nöqtəyə dikilmiş gözləri ilə uzaq xatirələri oxuyurdu.Oğlan da mürgüləmişdi.Bir bəhanə ilə soruşdum:
-Oğlunuz nə işlə məşğuldur?Bir az dikəlib dedi:
-Hə,Sehran tələbədir.Rəhmətlik atasının peşəsini davam etmək istəyir.Texniki Universitetdə oxuyur,mühəndislik fakültəsində.
Mən təəssüf hissilə dedim:
-Atası rəhmətə gedib?Allah rəhmət eləsin!Bağışlayın ,siz Allah!
-Sağ olun,sizin günahınız nədir?Mədinə xanım,həyat mənə elə bir oyun oynadı ki,deməklə bitməz.Sadəcə bu günə də şükür edirəm.Səbirlə gözləyirəm,görəsən ,Allah mənə daha nə yazıb?!
Qarşımdakı qadının daha duyğusal,ağıllı və səbirli bir insan olduğunu görürdüm.Söhbət daha da çəkirdi məni.Hər sualımın cavabı məni daha da heyrətləndirirdi.Bir azdan maşın böyük bir yolüstü restoranın qabağında,söyüd ağacının altında dayandı.Sürücü arxaya çevrilib:
-Yarım saat dayanacağıq.Kim yemək,çay istəsə ,düşsün.Mən unsiyyəti bir az da istiləşdirmək üçün dedim:-Bəlkə,düşüb çay içək?
-Oğluna tərəf dönüb dedi:-Sehran,ana qurban ,biz düşüb çay içmək istəyirik,sən də gedirsənmi?
-Yox ,ana,tezdən durğuzmusan,qoy yatım.Bizə yol verdi,çətinliklə də olsa,düşdük.Sərin bir yerdə əyləşdik.Gənc bir oğlan gəldi, çay sifarişi verdik.O,bir azdan əlində podnos geri döndü:-başqa bir şey lazım olsa ,deyin,-deyıb getdi.
Səmayə xanım mənə də,özünə də çay süzdü.,Ağ əlləri,uzun barmaqları,səliqə ilə tutulmuş və açıq rəngdə dırnaq boyası çəkilmiş dırnaqları var idi.Barmağında nazik bir nişan üzüyü var idi.Onun hər hərəkəti,hər baxışı mənə maraqlı gəlirdi.
-Siz heç nəyə isə,kimə isə həsəd aparıbsızmı?Bir az tərəddüdlə:
-Bilmirəm,məncə,yox.Düzü, bu barədə düşünməmişəm.Amma mən realist və mübariz adamam.Qəlbimdən keçən,ağlıma batan hər şeyi reallaşdırmağı sevirəm.Alınmasa,yenə cəhd edirəm.O zaman niyə kiməsə həsəd aparım ki?!
-Hmm,Mədinə xanım,insan bəzən istədiyini reallaşdıra bilmir.Buna macalı olmur...Söhbət arası dedi ki ,ərinin ildönümüdür və oğlu ilə onun qəbrini ziyarət etmək üçün rayona gedirlər.Özü də saç ustasıdır.Gözəllik salonunda işləyir.”Gözəllik “sözü ona çox yaraşırdı.Mən qadınlığımla ilk dəfə idi ki,qadın təravətindən ləzzət alırdım.Amma söhbət etdikcə onun içində dolu bir kədər olduğunu görürdüm.Get-gedə bu daha çox bəlli olurdu.
-Oğlunuz sizə çox bağlıdır,hiss olunur.Yəqin, belə gözəl ,gənc bir anası olduğu üçün xoşbəxtdir.
-Bilmirəm.O da atası kimi etiraf etməyi sevmir.Daha çox içində danışır.Mənimlə yalnız mən soruşanda danışır.Yalnız hər dəfə mənə “ana” deyəndə mən o sevgini qəlbən hiss edirəm.Mədinə xanım ,mənim oğlum ,əslində, bacımın oğludur...Bəli,bacımın...Mən onun ögey anasıyam...(İçdən bir ah çəkdi)
-Necəəə?Ay Allah,necə olur bu?Üzümə təbəssümlə ,həm də kədər dolu bir təbəssümlə baxdı.(Bu baxışlar çox şey deyirdi.)Biz rayonda üç gün qalacağıq.Rayondakı evimizi bir az havalandıraq,Tehranı ziyarət edib geri dönəcəyik.Sonra bir az dayandı.Nə isə düşünüb dedi:
-Açıq deyim ki,indiyə qədər heç kəslə düşüncələrimi bölüşməmişəm.Bu dünyada söhbət elədiyim kəs yalnız özüməm,bir də Tehran.Onunla da ya qəbrinin yanında,bəzən də şəkli ilə.Mən gündəlik yazıram,Mədinə xanım,bütün olub bitənlər də o dəftərdə yazılıb.Əgər maraqlanırsınızsa,sizə verə bilərəm.Oxuyandan sonra görüşüb alaram sizdən.
Çox sevindim.Telefon nömrələrimizi bir-birimizə verdik.Yenidən maşına qayıtdıq və yola düşdük.Çantamda olan qalın dəftər sanki bir sandıq ağırlığında idi.Çox tələsirdim oxumağa.Artıq heç bir sual da vermədim.Rayona qədər heç birimiz danışmadıq.İnsan taleləri haqqında düşünürdüm.Görəsən, bu maşında əyləşən insanların həyatından nələr keçib?Eh,Heç kəsin taleyi üzündə yazılmayıb.Heç kəsin...İçimdə bir səs bu dəftərdə çox kədərli şeylərin olduğunu deyirdi.Bir də rayona çatanda düşüncələrimdən ayrıldım.Birinci maşından mən düşdüm.Düşərkən onun üzünə baxdım:-Sizə zəng edəcəm,-dedim.O ,sadəcə kirpikləri ilə razılıq verdi.Bir müddət yerimdən durub maşının ardınca baxdım və sonra planladığlm kimi,ilk görüşə getdim.axşama qədər 11 şəhid ailəsi ilə görüşdüm.Çox yorğun idim.Otelə gələn kimi bir az uzanib dincəldim.Sonra aşağı zəng edib şam yeməyimi sifariş verdim.İştahsız olsam da, yedim .Fikrim dəftərdə idi:görəsən ,məni nə sürpriz gözləyirdi?
Dəftəri açan kimi qarşımda iki şəkil dayanmışdı.Bəylə gəlin şəkli.Bu Səmayə idimi?Yox,şəklin arxasında yazılmışdı:”Tehran və Səmiyə,xoşbəxt olun!”Həə,demək bacısının adı Səmiyə olub.Bəs bacısı hardadır?Daha gözləyə bilmədim.Dəftəri oxumağa başladım.Oxuduqca bir qadının nisgillə dolu həyatını vərəqlədim.Sən demə 2 saatlıq yolda canlı bir” roman”la həmsöhbət olmuşam...
***
Mən ailənin 3-cü uşağıyam.Böyük bacım Səmiyədən sonra yeddi il valideynlərimin uşaqları olmayıb.Yeddi ildən sonra qardaşım olub,o da dünyasını dəyişib.Daha üç il keçib və mən dünyaya gəlmişəm.Yəni bacımla mənim aramda on yaş fərq var .Atam mən olanda qurban kəsib ,adımı da bacımın adına oxşar qoyub-Səmayə.Hamı sevinirmiş ki,Səmiyə tək olmadı,karına gələcək bacısı oldu.Buna da şükür!Evdə ,qohumluqda məni çox əzizləyirdilər.Elə bil çox lazımlı imişəm.Bəzən özüm də xoşlanırdım bundan.Sanki halımdan məmnum idim.Dünya mənim üçün bir Cənnət idi.Evimizə gələn hər kəs mənə xüsusi pay gətirirdi:gəlinciklərimin sayı -hesabı yox idi.Sıra ilə düzüb onlara dərs keçirdim...Ayşən,Zoya,Rəna,Fatoş,Qalya və.s hər birinin adı var idi.
Səkkiz yaşım var idi .Bacım məni məktəbə aparirdi.Özü isə ordan dərzi sexinə gedirdi.Günorta yenə məni götürüb evə qayıdırdı.Həmişə günorta evə tikməyə paltar aparırdı.Axşamlar tikişlə məşğul olurdu.Mən də ondan müxtəlif parça kəsikləri alırdım,öz gəlinciklərimə paltar düzəldirdim.Arada bacıma israrla onlara don da tikdirirdim.Bacım üzümdən ağızdolusu öpüb deyirdi:-başımın bəlası ,əl çəkmirsən...
Atam bizi çox istəyirdi.Evə gələn kimi bizi soruşurdu:
-Səmi,Səma hardasınız?Bacım ona xüsusi qulluq edirdi.Kauçuk aftafadan su tökərdi ,o da şövqlə yuyunardı,mən də dəsmal gətirərdim.Alıb qurulanar, deyərdi:-Sizi verənə Şükür!
Yavaş -yavaş böyüyürdüm.Artıq ətrafımda olan-bitənlər məni maraqlandırırdı.Atamla anam,bacımla anam danışanda durub qulaqlarımı şəkləyirdım.Söhbəti məni görüb saxlayanda daha da maraqlanardım.Anam tez-tez məni çölə qovardı:-Get oyna,sənə aid deyil.Mənə aid olmayanlar da məni daha çox çəkirdi.Hə ,onu deyirdim axı...Evimizin qonaqsız günü yox idi.Hər axşam ən azı iki qohum gələrdi bizə.Barat əmim,Tofiq dayım,Hüsü əmioğlu (atamın əmisi oğlu idi)qonşumuz Şikar...və əmim oğlu Tehranın gəlmədiyi gün olmazdı.
Tehran o vaxt tələbə idi,yay tətili idi deyə kənddə idi.Axşam olan kimi ilk qapını o döyərdi.Mən də qaçıb qapını açardım.10 yaşım var idi,11-in içində idim.Bacım qədər gözəl olmasam da xoşagələn bir simam olduğunu hiss edirdim.Hətta son dövrlərdə “eynən Səmiyəyə oxşayır”,-cümləsini çox eşidirdim.Bu ,mənə xoş gəlirdi.Güzgüyə baxanda özümü bacımla müqayisə edirdim.Hələ ona çatmağa çox şeyin olduğunu düşünürdüm.Vaxtı iplə çəkib yığmaq istəyirdim.Tez böyümək,onun kimi gözəl olmaq istəyirdim ki.hamı bəyənsin... Bunu da görürdüm ki,Tehran bizə Səmiyə üçün gəlir.Səmi isə onu görən kimi qeybə çəkilir,gözdən itirdi.Anam çay istəyəndə də kitab oxuduğunu söyləyərdi.Hətta qapını gedib açanda əmioğlum bir dəfə “səndən böyüklər var,sən niyə qaçırsan qapıya?”demişdi.Yavaş-yavaş anlayırdım,o,Səmanı sevirdi...özü də çox...
Bizim ev kəndin kənarından axan çayın kənarında idi. Çayın şırıltısına yatanda da qulaq asardım.Sanki bir layla idi.İnsan onun yoxluğunu düşünmürdü belə.Yayda isə su ətrafa sərinlik verirdi.Qohum-əqraba bizə söz də atırdı”əşi,siz kurortda yaşayırsız”deyə.Hə,kəndin kənarında olduğumuz üçün yolda dayanacaqda durub şəhərə maşın gözləyən adamları da həyətdən görürdük.Hər dəfə Tehran şəhərə gedəndə gəlib atamla görüşər,anamı harda olsa ,tapar,”əmidostu,salamat qal,əmim amanatı”deyərdi.Mən də gəlib görüşər,”nə vaxt qayıdacaqsan?”-sorardım.O ,saçımı qarışdırar,”neynirsən?”-deyərdi.
Yenə də həftənin 1-ci günü Tehran Bakıya gedirdi,dayanacaqda dayanıb maşın gözləsə də,tez-tez bizim həyətə baxırdı.Səmi də sexə gedəcəkdi.Amma hazır olsa da ,qapının dalında durub gözləyirdi.Dərk edirdim ki,onun maşına minməyini gözləyir.Mən ürəyimdə söylənirdim,”bacım niyə belə eləyir?Axı Tehran pis oğlan deyildi...çox səliqəli geyinərdi,uzunboylu,düz qaməti,səliqəli bığı var idi.anama çox mehribanlıq edərdi.Anam da onu çox istəyərdi.Ona yemək saxlardı, gedəndə dalınca çıxar,”Allah səni bizə çox görməsin!”-deyərdi.Səminin isə o gələndə üzünə bulud çökərdi.
Tehranın maşına mindiyini gördüm və evə keçdim.İçəri girəndə anamın bacıma dediyi sözləri eşitdim:”.Uşağın boynu dalda getdi,ağlını başına yığ, qadan mənə.Dədənə oğul olacaq,bəxtinə təpik atma,dədəni qırma.O müəllimdən bizə kürəkən olmaz.Əslin bilmirik,nəslin bilmirik”.Bacım da gözləri dolmuş vəziyyətdə anama baxırdı.Bircə axırda “babalım Tehranın boynuna “deyib paltarını soyundu,işə də getmədi.
Həmin gün bacım çölə çıxmadı.Bütün günü yatdı.Anam yazıq peşman-peşman iş görürdü.Arada evə baxır,yenə işinə gedirdi.Mən anamın gözünü oğurlayıb otağa girdim.Onu gördüm ki,bacım ağlayır...Səmiyə mənə balaca bir kağız verdi:-Səmayə,canım mənim,bu kağızı apar Cəfər müəllimə ver.Başqa heç kəsə olmaz.Eşitdin?Özün də açma.Mən başımı yellədim.Yola çıxan kimi cibimdən kağızı çıxarıb oxudum.Bir cümlə var idi:”Bir də mənim adımı tutma!Unut məni!”Məktəbin həyətinə girəndə Cəfər müəllim telefonla danışırdı.Fürsətdən istifadə edib ovcuna qoydum və uzaqlaşdım.
Cəfər müəllim kəndimizə 2 il idi ki,gəlmişdi,kimya müəllimi idi.29 yaşı var idi.Dediyinə görə bir anası var idi.Ciddi görkəmi,xoş siması var idi.Uşaqlar ondan çəkinirdi.Çünki tələbkar müəllim idi.Kənddə hamı ona hörmətlə yanaşırdı.Məktəbizdə bir Balacaxanım xala var idi.Xidmətçi idi.İki oğlu var idi,ikisi də hərbçi.Cəfər müəllim onlarda qalırda.Lap ana-bala kimi dolanırdılar.Hamı ona,,day evlən,ailən olsun” deyəndə “evlənərəm” deyərdi,başını aşağı salardı.
Bir gün Balacaxanım xala gəldi bizə.Səmiyə onu görən kimi allandı,dilucu salam verib içəri keçdi.Anam Balacaxanım xalaya eyvanda yer düzəltdi,çay gətirdi.Təəccüb elədim ki,nə əcəb bacıma demədi:”çay gətir”.Xısın-xısın danışırdılar.Gəlinciyimin saçını darasam da ,söhbətlərini eşidirdim.Balacaxanım xala şövqlə deyirdi:
-Məni Cəfər müəllim göndərib,Səriyə.Özün bilirsən,mən elə -belə adamın sözünü ağzıma almaram.Səmiyəni istəyir.Maşallah bir elə bərabər oğuldur.Savadlı,ağıllı,Bakıda evi var,burda da bundan sonra iki il işləyəcək.Ondan sonra qızı da götürüb öz elinə-obasına gedəcək.Sənə nə lazımdır day?Ver qızı.Bildiyim qədər Səminin də könlü var..həə...
Anamı elə bil tok vurdu:-Səmi qələt eləyir.Nə danışırsan ?Mənim yerdən göyə,göydən yerə iki qızım var.Öz elim-günümdən bir oğlan tapa bilmirəm?Tutan sevda deyil,Balaca..Get o məllimə də de,işləməyə gəlib,işləsin .Mənimlə,qızımla işi olmasın!Bax Ataş bilsə,pis olar.
-Ay Səriyə,bir qızdan soruş,gör o nə deyir?
-Qız kimdir?Qızın böyüyü var,dədəsi var,özbaşına deyil ki...
Balacaxanım xala getdi.Gedəndə anama dedi ki,düz eləmirsən,uşağı istəyindən ayırma...yenə fikirləş,sözün olsa,qızı göndər,gəlim.
O gedəndən sonra anam hirsli-hirsli mənə dedi:-Yeri bacını çağır bura.Mən tez içəri keçdim.Gördüm ki,Səmiyə hıçqıraraq ağlayır.Və ona baxaraq geri döndüm,anama baxdım,o da ağlayırdı...
İki-üç gündən sonra əmimgil gəldi,danışdılar,əl tutdular getdilər,Sonra nişan gəldi,sonra toyun vaxtın danışdılar...Hər gün evimizdə hazırlıq gedir,arvadlar yığışır,deyir-gülür,”vur çatlasın “ iş gedir.Hamı əlindən gələni edirdi;kimi yun didir,kimi yorğan salır,kimi yastıq doldururdu və.s.Üzü gülməyən bir anam,bir Səmiyə idi...
Bir gün yenə Tehran gəldi.Əlində konfet qutusu ilə içəri girib Səmiyəyə baxdı.Sanki ondan icazə istəyirdi oturmağa...Anam onun üzündən öpüb həyətə endi.Tehran mənə tərəf baxıb :-Səma.sən də get əmidostumun yanına,bəlkə,ehtiyacı olar,-dedi.Mən də çıxdım,amma gedib evin altına girdim.Ordan bütün söhbəti eşidirdim:-Qurbanın olum,Səmi.Niyə solubsan?Mən səni dünyalar qədər sevirəm.Biz bir yerdə xoşbəxt olacağıq.Bir mənə bax.Xahiş edirəm,bir söz de mənə.İstəməsən,hələ toy eləməyək,mən də institutu bitirirəm.İşimi də veriblər.Bina tikəcəyik.Gəlirim də yaxşı olacaq.Noolar,üzün gülsün,əlim-qolum bağlanır sən belə elədikcə...
Getdikcə vəziyyətin gərgin olduğunu anlayırdım.Bacıma yazığım gəlirdi.Gündən-günə solurdu.Tehrana da yazığım gəlirdi,aciz qalmışdı.Sonra Səmiyə hirslənirdim:Axı niyə belə edirdi?
Birdən sanki cavab tapdım.hə...Cəfər müəllim...o idi günahkar.O məktubu xatırladım:”Məni unut!”Tez evin altından çıxdım.Düz Balacaxanımgilə getdim.Arvad bostanda alaq təmizləyirdi.Məni görmədi.Yavaşca evə çıxdım ,sakitlik idi.Eyvanın baş tərəfində qoyulmuş masada əyləşmişdi.Nəsə yazırdı.Məni görən kimi diksindi:-Bir şey olub,Səmayə.
-Yox,olmayıb.Amma sən burdan getməsən ,olacaq.O ayağa qalxdı:
-Nə olub?Düzünü de,
-Çıx get,Cəfər müəllim.Burda qalma.Səmayə pisdir...Son sözləri deyərkən kövrəldim belə.
Sonra düşüb qaçdım evə tərəf.O gün mən böyüdüm,çox şeyi başa düşdüm.Kimə tərəf getdimsə,haqlı çıxardım.Heç kəs günahkar deyildi.Nə bacım,nə Cəfər müəllim,nə Tehran,nə də anam.Bəs niyə belə oldu?Olmazdı ki,hamının könlü istəyən olsun?Bunların içində Tehrana, nədənsə ,daha çox acıyırdım.Üzündə elə bir məsumluq var idi ki...Az qala,bacımın ayağına qapanmaq istəyirdi.Amma Səmiyə ona baxmırdı.Görmürdü onu.Könlü Cəfərdə idi...
Novruzdan sonra toy oldu.Əvvəlcə gəlini ata evinə apardılar.Əmimin külfəti Səmiyə üçün əldən gedirdi.Amma bacımın üzü gülmürdü...Sonra Tehran əməlli bir vəzifəyə keçdi.Tikinti şirkətinin rəis müavini idi.Şirkət onlara ikiotaqlı ev də verdi.Hamı sevinirdi.Artıq Tehran Səmiyəni də apardı.Qapımızda böyük bir maşın dayandı.Bacımın cehizi Bakıya getdi.
Hə,günlər keçirdi Bir gün anam atama deyəndə eşitdim:-Həkimə gediblər.Deyib ki,uşaq da sağlamdır.Bir az öz qanı azdır,yaxşı yeməlidir.
Atam çox sevinirdi,baba olacaqdı.Arada mənə hirslənəndə deyirdi:qoy nəvəm gəlsin,baxarsan...O elə deyəndə mən qısqanırdım.Çünki öyrəşmişdim ancaq məni əzizləyələr.
Bacımın hamiləliyinin son ayları idi.Tehran kəndə gəlmişdi.Anama dedi ki,Səmanı ver aparım,Səmiyə tək qalanda ağlım qalır evdə.Mən anamın ağzından çıxmamış paltarlarımı yığmağa getdim.Anam ardımca gəlib bəzi dəyişikliklər etdi.Biz Bakıya gedən bir maşına mindik.
Yol boyu Tehran sakıt –sakıt yola baxırdı.Sanki ağzını qıfıllayıb oturtmuşdular.Mənim artıq 13 -14 yaşım var idi.Suallarıma cavab verən yox idi.Birdən Tehrana dönüb soruşdum;
-Tehran yenə bacım elə edir?
-Nə edir ki?
-Bilmirəm,sakit,dinmir-danışmır.Əmioğlum sanki uzaq bir nöqtəyə baxırdı.Mənə cavab vermədi.Bu onun təsdiqi idi.
Evə girəndə Səmi uzanmışdı .Məni görüb yavaşca qalxıb oturdu.Mən özümü onun üstünə atdım.Qucaqlaşdıq.Səssizcə xeyli dayandıq.O mənim saçlarımdan öpürdü:_Səm,canım bacım...Üzünə baxdım çox solmuşdu.gözlərinin altı qaralmışdı.Elə bil yaşlanmışdı.Tehran dərmanlarını içdiyini soruşdu.-İçmişəm,-dedi.Bir azdan Tehran getdi.Səmi mənə baxıb dedi:-Onu görürsən?
-Arada.Dərsi olanda.
-Neynir?
-Heç nə.Məndən dərs soruşmur.Heç üzümə də baxmır.Əşşi,nəyinə lazımdır ki?Bacıcan ,Tehran ondan da gözəldir.Axı Cəfərin nəyi var ki?
-Sənin gözündə...
Bir ay keçdi.Bir gün gecə səsə ayıldım.Səmi zarıyırdı.Tez paltarımı geyindim,bayıra çıxdım.Tehran həyəcanla:- Səma,kömək elə,bacını geyindirək,-dedi.Bir azdan təcili yardım maşını gəldi.İki tibb işçisi onu maşına mindirdi,xəstəxanaya getdik.O içəridə olanda Tehran o qədər həyəcanlı idi ki,sanki ağrıyırdı.Üzündə bir əzab var idi.Bir azdan bir ağ xalatlı qadın çıxıb bizi muştuluqladı.Bacımın oğlu olmuşdu.Amma özünə qan lazım idi.Tehran ona qan verdi.Səhəırə qədər orda qaldıq.
Bir həftədən sonra Səmi də ,oğlu da xəstəxanadan çıxdı.Atam,anam ,əmim ,arvadı-hamı bizə yığışmışdı.Bir qurbanı atam,birini əmim kəsdi.Hamı sevinirdi.Mən ona baxmaqdan doymurdum.O qədər gözəl idi ki...Adını Sehran qoydular.Daha doğrusu əmim atama həvalə elədi ki,adı o qoysun.Atam da o dəqiqə:”Sehran qoydum adını”,-deyib gülümsədi.Sanki çoxdan saxlamışdı qəlbində.
Xala olmuşdum.Özümü qeyri-adi hiss edirdim.Hərə də mənə bir söz atırdı:”Xala,çay gətir”,”Kaş mənim də belə bir xalam olaydı” və.s O isə,yəni Səmiyə daha da susqun olmuşdu.Sanki göyün yeddinci qatında idi.Durub gəzəndə ruh kimi gəzirdi.Bu məni narahat edirdi,qorxudurdu.
Uşaq ağlayanda da onu eşitmirdi.Demək olar ki,qullugu anamla mən edirdim.Bacım bütün günü uzanır,yatmasa da ,gözünü yumurdu.Dəfələrlə ağladığını görmüşdüm.Hərdən istəyirdim ,ona nəsə deyim.Amma cəsarətim çatmırdı.İnciyəcəyindən qorxurdum.Bircə bunu başa düşürdüm:-Səmiyə bədbəxt idi.
Beləcə günlər keçirdi...Bir gün Tehran anamdan ailəsini aparmaq istədiyini dedi.Anam da o dəqiqə razılıq verdi.Hətta məni də aparmağı tövsiyə elədi.Kömək edərəm.Maşın gəldi,biz Bakıya getdik.
Sehran böyüyürdü.Bacımın qan azlığından südü yox idi.Tehran uşaq yeməyi alırdı.Yeməyi də mənə necə düzəltməyi öyrətmişdi.Dəqiqə də ötürmədən yeməyi düzəldib uşağa yedirirdim.Evin işlərini görürdüm.Bacıma da qulluq edirdim.Onu ayağa qaldırmaq istəyirdim.Min bəhanə ilə çağırsam da qalxmırdı.Bacım gündən-günə dala gedirdi.Tehran ona tez-tez gül alırdı.Amma gülü suya mən qoyurdum.,köhnələndə mən atırdım.Bəzən bacımın əvəzinə Tehrana sifariş verirdim.Evdə ehtiyac olan şeyi ona Səmiyənin adından tapşırırdım.”Səmi dedi bunu alsın”,”Səmi dedi onu dəyişsin” ...Bir gün Səminin qusduğunu gördüm.Tehran gələndə ona xəbər verdim.O çox narahat oldu.Yalvarıb həkimə getməyə razı saldı.Mən uşaqla qaldım ,onlar getdi.Günorta Tehran evə tək gəldi.Tələsik Səminin paltarlarını,bəzi başqa şeyləri çantaya yığdı və bacımın bir-iki gün xəstəxanada yatacağını söyləyib getdi.Bacım o çıxan evdən çıxdı.Kənddən ata-anam da gəldi,əmim də,arvadı da. Hər gün xəstəxanaya ,evə,xəstəxanaya ,evə.Nəhayət,Tehranın əmimə dediyi sözləri eşitdim:”Qağa,həkim dedi Səmi leykozdur...əlacı yoxdur.Sonra isə hönkür-hönkür ağladı...
Uzun müddət xəstəxanada yatan bacımı çıxarıb rayona apardılar...Sehranla məni də əmim gəlib götürdü.Artıq Sehrac iməkləyirdi.Mən onu bacımın qucağına vermək istəyirdim.O isə geri dönürdü,mənə sığınırdı.Bacımı ana bilmirdi.Beləcə günlər keçdi və bir gün Səmi getdi...bir mələk kimi uçdu ...Öldüyü gün məni çağırdı,”halal et” dedi.Nə baş verdiyini anlamadan”hala olsun “dedim.Dünyamızı dəyişdi Səmi...Hamını qaranlığa saldı...
Sehran sürətlə böyüyürdü.İki evin əzizi olmuşdu.Mənə “ana ”deyirdi.Mən də ona o qədər bağlanmışdım ki..Nə dərsə gedirdim,nə başqa yerə...Hər şeyim,bütün dünyam Sehran idi,bacımın əmanəti.Hər ayın sonu Tehran rayona gəlirdi.Sehrana da,mənə də maraqlı hədiyyələr alırdı.Ona oyuncaq,maşın,top...mənə də çanta,ətir,bəzək əşyaları vəs.Artıq ikimiz də ayın sonu onu gözləyirdik.Gedəndə də deyirdi:Səma,Sehran əmanəti.
Bir gün əmim yenə gəldi,anamla pıçıltı ilə xısın-xısın nəsə danışdı...Və o gedəndən sonra anamın ağladığını gördüm.Soruşanda cavab vermədi,gözünün yaşını sildi.Bir gün,iki gün,axır ki,əmimin qızı Zeynəb mənim yanıma gəldi...Sən demə əmim anama deyib ki,Səmayə böyüyüb,uşaq da ona bağlanıb.Elə Tehranın ocağının işığını qoy o yandırsın.Anam da deyib ki,mən birdəfə elədim,peşman oldum,indi bu uşağı məcbur edə bilmərəm,dilim gəlməz deməyə.İndi söz mənimmiş.
Əmim qızı nəslin yaşca ən böyük qızı idi.Mən ona nə deyəcəkdim?Gənc idim.18 yaşın içində olan bir xəyalpərvər Səma olaraq Tehranı da,Sehranı da yanımda görürdüm.Ona görə heç bir söz demədim.Həm də Səmiyə öləndən sonra məktəbə ayaq qoymamışdım,”Bundan sonra nə məktəb?”-düşünmüşdüm.Beləcə,bir gün mənim sakitcə barmağıma üzük taxdılar və bizi Bakiya gətirdilər.Üçümüz:mən,Sehran,Tehran bir ailə olduq.Neçə gün biz əvvəlki qayda ilə yaşadıq.Biz ,yəni Sehranla mən bir otaqda,o isə o biri otaqda.Və bir gün...
O gün Tehran evə gec gəldi.İçəri girəndə hiss etdim ki ,onun halı başqadır.Həmişəkindən fərqli şəkildə,əlində bir dəstə gül girdi evə.Gülü stolun üstünə qoyub Sehrana dedi:Oğlum, bu güllər ananındır.Qəribə bir yerişlə keçdi otağına.Mən çörək yemək istədiyini soruşdum.Dostu ilə yediyini dedi,hətta bir-iki qədəh də içiblərmiş.Bir söz deməyib uşağı yatırmağa getdim. Sehracın yanında yuxuya gedib qalmışdım.Birdən gözümü açanda Tehranın səsini eşitdim.O mənə “Səmi,gedək öz otağımıza” ,-dedi.
O gündən sonra o mənim üzümə baxmırdı.Sanki xəcalət çəkirdi.Nə desə,yerə baxaraq deyirdi.Heç üzü gülmürdü,oğlu ilə oynayanda belə ürəkdən gülmürdü.Üstündə ağır bir yük varmış kimi gəzirdi.Nəhayət,bir gün danışdı:-Səma,bağışla məni,xahiş edirəm.Həmin gün dostumla bir yerdə oturmuşdum.Yeyib-içdik,məni danladı ki,sən artıq evlənmisən,ailənə sahib çıx,yeni həyatına başla.Amma mən ayıq olsaydım ,belə olmazdı.Bağışla məni,sən mənim əziz əmim qızısan,mən Səmiyəni unuda bilmirəm.Və ağladı.Mən artıq ona öyrəşmişdim,gözümdə ondan gözəl kişi yox idi.Üstəlik ,bacımın balasına baxırdım.Onları qoyub hara gedə bilərdim?Onlarsız bir həyat düşünə bilmirdim.Onun gözünün yaşını əlimlə sildim ,mətbəxə keçdim.Bir azdan qapının örtüldüyünü eşitdim.O,nahar eləmədən getdi.Axşamüstü həmin yaxın dostu Surxay bizə gəldi bizi rayona aparacağını söylədi.Atamın vəziyyəti pis imiş.Mən tələsik çantalarımızı hazırlayıb Sehranı da geyindirdim və onunla getdim.Rayona çatanda isə başqa şeyin şahidi oldum:Tehran işdə infarkt keçirib,qəfildən halı pisləşmiş,həkimin gəlib müdaxilə etməsinə baxmayaraq keçinmişdi.
Bu da mənim hekayəm.Qırxı verəndən sonra atam da,anam da rayondan çıxdı.Biz bir yerdə yaşadıq.Bütün məhəbbətimi Sehrana saldım.Onu ilk dəfə məktəbə apardığım gün həyəcandan titrəyirdim.Mən heç vaxt Səma olmadım.Həmişə Səmiyənin rolunu oynadım.Bəli,Səmi oldum.
Sehran məktəbi bitirdi,universitetə girdi.O ,universitetə girən il atam rəhmətə getdi.İlinə 10 gün qalmış isə anamın bağrı çatladı.Bu dünyada qaldıq bir mən ,bir Sehran.
Bu illərdə korluğumuz ,maddi sıxıntımız olmayıb.Atasının maaşını Sehrana kəsdilər.Ona görə onun bütün təminatı normal şəkildə ödənib.Mən də bikar qalmamışam;saç ustasının yanına gedib əməlli-başlı öyrənmişəm.İndi ana-bala dolanırıq.Oğlumun böyüdüyünü hər gün hiss edirəm.Özüm gəlin olmadan artıq gəlin arzu edirəm.Çatışmayan varsa,o da Səmayə və Tehrandır.
Cəfər müəllimin də həyatı məhv oldu.İndiyə qədər hələ də ailə qurmayıb.Anası da xiffətdən öldü.Cəfər rayondan heç yerə getmədi.Hələ də kənddədir.Sevgilisini tənha qoyub getməyib. Onun tajeyi də belə qaraldı.
Dəftər qurtardı...Donub qalmışdım...Sanki bir roman oxumuşdum...İndiyə qədər oxuduğum romanların ən kədərlisini...
Sabahısı gün yenə də bəzi görüşlərim oldu,rayon İcra Hakimiyyətində oldum,günortadan sonra isə ona zəng etdim.Saat 3-də bacısının və Tehranın qəbirlərini ziyarət etməyə gedəcəkdilər. Saat 3-ə taksi ilə özümü rayon qəbiristanlığına çatdırdım.Gedəndə gül dükanından gül də aldım.Ora çatanda artıq molla yasini oxuyub qurtarırdı.Mən də buketi qəbir üstünə qoyub rəhmət dilədim.İki gənc yanaşı yatırdı...Məzar daşlarının üstündə olan şəkillər sanki dilə gəlib danışmaq istəyirdi.Fələyin işinə nə deyəsən?Bu qədər amansızlıq olmazdı...
Səmayə duasını oxuyub dedi:-Hə,Mədinə xanım,belə-belə işlər.Əslində bacım həsəd aparılası qadındır.Onu ürəkdən sevən iki şəxs hər an onunladır;biri yanında uyuyur,biri də hər gün onu ziyarət edir,bayaq burdan gedirdi,bizim Cəfər müəllim...
Ertəsi gün Bakıya qayıdırdım.Beynimdə Şəhidlərlə bağlı yazacağım məqaləni düşünmək istəsəm də ,ağlım hələ də dəftərdə idi.Dəftəri ona qaytaranda qeyri-ixtiyari dedim:”Səmayə xanım,mən isə sizin sevginizə,qəlbinizin böyüklüyünə həsəd apardım.Tanrı sizə yar olsun!”.Yol uzun idi...
Biləsuvar.2023-2024
Комментарии
Отправить комментарий